Bölmədəki xəbərlər: Elm

Ailədə uşaqlaın əxlaq tərbiyyəsinin tarixi kökləri

Ailədə uşaqlaın əxlaq tərbiyyəsinin tarixi kökləri
Azərbaycan xalqı qədim və zəngin pedaqoji tarixə malik bir xalqdır. Xalqımızın mədəni inkişaf tarixində boy atmaqda olan nəslin tərbiyə və təlimi mühüm yer tutmuş və yer tutmaqda davam edir. Bu məsələ xalqımızın zəngin etnoqrafiyası və xalq pedaqogikasında təzahür edir. Baxmayaraq ki, bizdə uşaqlıq dövrü etnoqrafiyasi ayrıca tədqiq olunmamışdır, bununla belə ailədə uşaqların tərbiyısi məsələsinə bir sıra tədqiqat əsərlərində toxunulmuşdur. Bu nöqteyi-nəzərdən çıxış edərək, eyni zamanda digər Ön və Cənubi Asiya xalqlarında uşaqların ənənəvi tərbiyəsi barədə yazılmış tədqiqat əsərlərinə və şifahi xalq yaradıcılıgından aldıgımız bilgilərə əsaslanaraq belə nəticə çıxarmaq olar ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ailəsində uşaqların ənənəvi tərbiyəsi əsasən ailədə aparılırdı. Ümumiyyıtlə tədqiq edilən dövrdə hər şeydən əvvəl ailə üzvləri, qohumlar, icmanın yaşlı üzvləri, belə desək `` təbii agentlər `` ( 12.135 ) və xüsusi sosial institutlar həmyaşlar, məktəb, mədrəsə və s. kimi tədris müəssisələri ) uşaqların ictimailəşməsində böyük rol oynayırdı.
Məlumdur ki, etik, əxlaqi tərbiyə məsələləri hər bir millət üçün bütün dövrlərdə ən vacib problemlər olub. Xalqımızın çağdaş dünya ilə çulğaşdığı, milli mentalitet cəhətdən bir-birindən fərqli xalqlarla inteqrasiya olunduğu, böyməkdə olan nəsilə kifayət qədər mənfi informasiyalar yükləyən kütləvi-informasiya vasitələrinin həyatımıza daha çox daxil olduğu müasir dövrdə ailə, cəmiyyət, dövlət və bəşəriyyət üçün əxlaqın saflaşdırılması ən vacib , ən lazımlı problemlərdən biridir. Xalqımızın dahi mütəfəkkiri Nəsirəddin Tusinin ; ən şərəfli sənət`` adlandırdığı əxlaqi saflaşdırma tarix boyu mütəfəkkirləri düşündürmüş və daim diqqət mərkəzində olmuşdur. Bu baxımdan yeni insanın yetişdirilməsində şəxsiyyət və onun mənəviyyatı, insanın mənəvi saflaşması, şəxsi keyfiyyətlərin daha da təkmilləşməsi , onun etik və estetik potensialının artması, adamlarda humanist münasibətlərin formalaşması və s. kimi özəlliklər mühüm rol oynayır. N.Tusi ailədə uşaqlara münasib adlar verilməsini, onların düzgün tərbiyə edilməsini valideynlərin əsas vəzifəsi hesab edərək yazırdı. ``Uşaq olcaq ona ilk növbədə yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar , bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar ...Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaq korlanmağa vaxt tapmamış onu tərbiyə , nizam – intizama öyrətməyə başlamaq lazımdır. Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır.”( 9.156-167 ).
Azəbaycan ictimai – siyasi, fəlsəfi və təbii – elmi fikir tarixində şərəfli yer və mövqe tutan Abbasqulu aga Bakıxanov öz əsərlərində tərbiyə problemlərinə dəfələrlə toxunmuşdur. A. Bakıxanov uşaqların tərbiyəsində valideynlərin rolunu yüksək qiymətləndirərək yazırdı ki, əxlaq gözəlliyini hər zamandan artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Pis xasiyyələr təkrar olunduğu zaman adətə çevrilib uşaq təbiətinə daxil olduqdan sonra onlara elim və ədəb öyrətmək müşkül olar. ( 1.1-6 ). Bu sahədə o `` Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimidir`` zərb məsəlini əsas götürürdü. ( 1.1-6). Akademik A. Mirzəcanzadə ailə tərbiyəsinə xüsusi diqqət yetirərək qeyd edir ki, uşaqlar dünyaya göz acdıqları birinci gündən onlarda sərbəstliyin, yaradıcılıq ünsürlərinin , ətraf mühitə marağın və s. inkişafına dərin diqqət yetirilməsi uşaq tərbiyəsinin ən ümdə amillərindən biridir.(7.38)
Tədqiq edilən dövrdə uşaqlar əxlaq tərbiyəsini ilk növbədə ailədə alırdılar. Çöl-etnoqrafik materiallarından aydın olur ki, ailədə uşaqlara böyüyə hörmət, kiçiklərə qayğı, doğruçuluq, qonaqpərvərlik, etik davranış normaları öyrədilirdi. Məlum olduğu kimi sinifli cəmiyyətlərin müəyyən tarixi mərhələlərində ailə, müxtəlif formada təzahür etmişdir . tədqiqatçilar bu ailə formalarının təsnifatını vermiş , XIX əsrdə Qafqazda o cümlədən Azərbaycanda saxlandığını yazmışlar. M.Kosven yazır: `` böyük ailələr tarixən təzahür etmişdir. O bütün xalqlara xas olmaqla ümumi cəmiyyətin inkişaf mərhələsi ilə uygun olmuşdur.(13.70).
XX əsrin əvvəllərində Azərbaycan kəndli ailəsinin əsas etibarilə iki forması vardır : XIX əsrdə qalıq halında mövcud olan iki – üç nəslin nümayəndələrini , başqa sözlə ata – ana, evli oğulların birgə yaşadıqları böyük patriarxal ailə , ər – arvad və uşaqlardan ibarət kiçik ailə.(5.16) Böyük ailələrdə valideynlər, baba – nənə, əmi və onun ailəsi arasındakı münasibətlər uşaqların əxlaq tərbiyəsində böyük rol oynayırdı. Uşaqlarn əxlaq tərbiyəsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin tərbiyə işində əxlaqi söhbətlər, faydalı vərdiş və adətlərin yaradilması, rəğbətləndirmə və cəzadan istifadə olunması, böyüklərin nüfuzu ictimai mühitin və s.in rolu da az olmamışsdır. Informatorların verdiyi məlumatlara görə uşaqlar daha çox böyüklərin münasibət və rəftarlarını təqlid edər , başqa sözlə el arasında deyildiyi kimi onların tökdüklərini yığardılar. Əbəs yerə deyldir ki, Azərbaycan türk mentalitetində yaddaşa hopmuş `` ot kökü üste bitər`` , `` itin balası it, atın balası at olar`` , `` budağa calaq vurmaqla ağacın kökü dəyişməz`` kimi empirik düşüncə (10.198) bu gün də davam etməkdədir.
Ümumiyyətlə Azərbaycan şifahi xalq yaradıcılığı abidələrində əxlaq tərbiyəsinin geniş əks olunur. Azərbaycan xalqının əxlaq təribiyəsi məsələlərində şər qüvvələrə qarşı mübarizə, azad həyat , bərabərlik , sosial ədalət , xeyrin qələbəsi uğrunda mübarizə əsas yer tutur. Müxtəlif şifahi xalq yaradıcılığı nümunələrimizdə bu məsələlər öz geniş əksini tapmışdır. `` Kitabi Dədə Qorqud`` , ``Koroğlu`` və s. dastanlarda müxtəlif nağıl, bayatı və s. kimi folklor nümunələrində əxlaq tərbiyəsi məsələlərinə xüsusi önəm verilir.
Ə. Bayramov tərbiyə işində ictimai mühiti əsas götürərək yazır ki, insanların mənəviyyati , əxlaqi normaları və baxışları ilə bağlı olan mütərəqqi adət - ənənələrin yaradıcısı xalqdır (2.95).Etnik psixoloji xüsusiyyətlər içərisində adət və ənənələrinin yeri vardır, yəni onlar xalqın psixi simasının mühüm tərkib hissələri kimi insanların psixologiyasında möhkəmlənərək nəsldən nəsilə keçir. Bu və ya digə xalqa məxsus etnik psixoloji xüsusiyyətlər bariz şəkildə ilk növbədə məhz adət və ənənələrdə əks olunur.(2.95)
Xalqın düşüncəsinə görə insanın nəcib əməlləri həmişə xeyrlə mükafatlandırılır. Pis əməlləri isə cəzasız qalmır . `` nə tökərsən aşına, o da çıxar qaşığına`` , `` nə əkərsənn onu da biçərsən`` kimi atalar sözləri buna bariz nümunədir. Ona görə də xalq nağılları və dastanlarında insanın düşməni adətən həlak olur.
Folklor həmişə müsbət əxlaqi xüsusiyyətlərini təqdir edir. Məsələn əməksevərlik haqqinda coxlu mahnilar , nağıllar, atalar sözləri və zərb məsəllər misal çəkmək olar. ``İş insanın cövhəridir`` , `` insanı əmək ucaldar`` və s. kimi atalar sözləri gənc nəsli zəhmətə və əməksevərliyə səsləyir.
Azərbaycan şifahi xalq yaradıcılığında belə bir idea yer tutur ki, şəri( pis adamları) bağışlamaq olmaz. O məhv edilməlidir, belə ki başqa insanlara zərər yetirə bilər. Bir çox Azərbaycan epos, dastan və nağıllarında öz düşmənləri üzərində qələbədən sonra onu bağışlamırlar və məhv edirlər. Azərbaycan qəhrəmanlıq dastanı `` Koroğlu`` da qəhrəmanlar öz şəxsi təcrübələrində əmin olurlar ki, düşmənin bağışlanması xalqa bədbəxtlik gətirir və ona rəhm etmək olmaz. Azərbaycan folklorunda xarakterik cəhət kimi kasıb insanlar, zəhmətkeşlər xeyir tərafdarı olurlar, belə ki, onlar nəcib əxlaqi keyfiyətlərə malik olurlar, şərin tərəfdarı isə varlılar, müftəxorlar olurlar. Xalq həmişə onları öz düşməni hesab edir. Xalq qəhrəmanı Koroğlunun atası Alı kişi Həsən xan tərəfindən çıxarılsada öz oğlu Rövşənə deyir : ‘’ Yox oğlum. Bizim düşmənimiz tək Həsən xan deyil...Bütün bəylər, bütün xanlar və paşalar bizim düşmənimizdir. `` (11.50,55-56)
Azərbaycan xalqı insanın ən mühüm mənəvi borclarından biri kimi vətənpərvərliyi, vətənə məhəbbəti həmişə ön plana qoymuşdur. Tədqiq edilən dövrdə Azərbaycan ailısində uşaqlar vətənə məhəbbət, doğma yurdu qorumaq, bu yolda lazım gələrsə canından belə keçmək ruhunda tərbiyə edilirdi. ``Kitabi Dədə Qorqud`` dastanından başlayaraq Azərbaycan folklorunun bütün nümunələrində vətənə məhəbbət xalqa məhəbbətlə əlaqələndirilir. Öz vətənini , öz xalqını sevməyən insan alçaq, əclaf hesab edilir. Dədə Qorqud, Koroğlu dastanlarında nağıllarda çoxsaylı atalar sözləri , zərb məsəllər və bayatılarda vətənə məhəbbət insanın bütün mənəviyyatını təyin edən mühüm əxlaqi keyfiyyət kimi göstərilir. Bu ruda tərbiyə edilən uşaqlarda cəsurluq, igidlik, qorxmazlıq kimi əxlaqi keyfiyyətlər formalaşdırılırdı.
Kitabi Dədə Qorqud eposu üzrə oğuzların etnik stereotiplərinin araşdırılması azərbaycanlıların əcdadları olan oğuzları etnik psixoloji xüsusiyyətlərini, oların mənəviyyatlarını daha ətraflı işıqlandırmağa imkan verir. Etnik stereotiplərdə oğuzların sosial iqtisadi , siyasi – mənəvi şəraitləri, həyat tərzi öz əksini tapmışdır. Etnik stereotiplər çox və rəngarəngdir. Onların bəziləri ictimai tarixi şəraiti təsiri ilə möhkəmlənir, digərləri isə zəifləyərək müəyyən dəyişikliyə uğrayır. Bunu aydın surətdə görmək üçün dastanın ``Adını mən verim...`` (Birinci, üçüncü, səkkizinci boylarda işlənmişdir.) xalq adətinə nəzər salmaq kifayətdir. Qədim oğuzların tarixində oğlan uşaqlarına yalnız boya – başa çatdıqda yəni, 15-16 yaşlarında rəsmən ad qoyulurdu. Adqoyma bir qayda olaraq ictimai mərasim, eldə `` toy edib qonaqlamaq `` şəklində edilirdi.(2.140-141). Dastandan aydın olur ki, yeniyetmə yaşına çatmış oğlan müəyyən hünər göstərməli idi. Yalnız bunda n sonra Dədə Qorqud oğlana ad qoyur, və bu münasibətlə qonaqlıq – ictimai mərasim keçirilirdi.
Döyüş igidliyi, qorxmazlıq, məharət ilə yanaşı yeniyetmənin ictimai fərd kimi tanınması ad vermənin başlıca şərtlərindən biri idi. Buradan aydın olur ki, uşaq doğularkən ona adı valideynləri, nənə - babası verirdisə, o öz əsl adını öz əməli ilə qazanırdı. Həmin yönüm bu gün uşağın anadan olduğu günü qey etmək şəklinə düşmüşdür. Buraya onun ayrı-ayrı çalarlarını – yaş kağızı almaq, pasport almaq və s. əlavə etsək , etnik stereotipin necə təbəddülata uğradığı aydın surətdə nəzərə carpir. Bununla bərabər etnik stereotip və yönümlərdə mühafizəkar cəhətlərin olması da nəzərdən qaçırıla bilməz. Odur ki, hər bir etnos, hər bir xalq öz tarixi kökləri üzərində ucalaraq inkişaf etməli, öz irsində yaxşı nə varsa onu hifz edərək, mənfi və mühafizəkar cəhətlərdən uzaqlaşmaq yolu ilə öz səsi və nəfəsi ilə bəşər mədəniyyətinə qovuşmalı öz ləyaqətini və mənliyini qoruyub saxlamağı bacarmalıdır. Bu halda etnik stereotip yönümlər xalqın, millətin özgürlüyünü təmin edən mühüm amilə çevrilə bilər.
Azərbaycan xalqının şifahi xalq yaradıcılığı istənilən digər xalqda olduğu kimi çox zəngindir. Xalq yaradıcılığındakı pedaqoji ideyalar fövqəladə dərəcədə rəngarəngdir. Demək olar ki, xalq tərbiyənin əsas məqsədini əməksevər, zalım qüvvələrə qalib gələn xeyirxah və ədalətli insanlar hazrlamaqda görür. Xalq yaradıcılığının qəhrəmanları məhz belə insanlardır. Xalq onların nümunəsində öz tərbiyəvi baxışlarını nümayiş etdirir və gəncləri bu insanlara bənzəməyə çağırır(4.32).
Xalq yaradıcılığı nümunələrinə və informatorlardan aldığımız məlumatlara əsaslanaraq deyə bilərik ki , tərbiyə oğlanlar və qızlar üçün zəruri hesab edilmişdir. Azərbaycan folklorunda kişilərlə bərabər qadınların da hünərinin tərif edilmədiyi atalar sözü , nağıl və mahılara nadir hallarda rast gəlinir.
Tədqiq edilən dövrdə uşaqların ənənənvi əxlaq tərbiyəsndə müxtəlif xalq metodlarından istifadə olunurdu. Buraya uşağa yaxşı ad qoymaqdan tutmuş körpə üçün oxunan laylalar, bayatıla r , oxşamalar , müxtəlif düzgülər , uşaq oyunları , toy və yasla, bayramlarla əlaqədar müxtəlif xalq mərasimləri daxildir. Bundan başqa xalqımızın böyüklərə hörmət, qonaqpərvərlik , xeyrxahliıq, əliaçıqlıq, mərdlik, dürüstlük, cəsurluq , igidlik və sair kimi gözəl keyfiyyətlərini görərək böyüyən uşaqlar əxlaqi cəhətdən saf inkişaf edirdilər.
Xalqımızı qonaqpərvərlik adəti bir sıra atalar sözlərində öz əksini tamışdır.
Qonaqsız ev , uğursuz olar
Qonağa görə süfrə açılar.
Qonaq süfrənin yaraşığıdır , uşaq evin
Qonaq umduğunu yox , bulduğunu yeyər.
Qonaqsız ev , susuz dəyirman – bu kimi atalar sözləri Azərbaycanda qonaqpərvərliyin dərin köklərə malik olduğunu göstərir.(5.230)
Aleksandr Düma ``Qafqaz səfəri `` adlı əsərində azərbaycanlıarın qonaqpərvərliyindən bəhs edərək yazmışdır : ``Bivaxt, gecənin bir aləmində gəlməyimizə baxmayaraq , bizə hər cür qayğıkeşlik və qonaqpərvərlik göstərildi``(3.101)
Azərbaycan ailəsində övladlarını hərtərfli inkişaf etmiş kamil şəxsiyyət kimi tərbiyə etmək hər bir valideynin arzusu olmuşdur. Məhz bu məqsədlə əxlaq tərbiyəsinə xüsusi diqqət yetirilirdi . Azərbaycan ailəsində əxlaq tərbiyəsiinin ilkin mərhələsi ata –ana nümunəsi olmuşdur. Ata ana nümunəsi barədə Dədə Qorqud çox gözəl demişdir:
`` Qiz anadan görməyincə öyüd almaz,
Oğul atadan görməyincə süfrə açmaz`` (6.12)
Ata ana nümuunəsi barədə xalqımız bir sıra atalar sözləri və zərb məsləllər yaratmışır:
Qırağına bax bezini al,
Anasına bax qızını al

Qız anadan , oğul atadan
Anası çıxan ağacı balası budaq – budaq gəzər
Uşaq ailənin güzgüsüdür.Bu kimi zərb-məsəllər Azərbaycan folklorunda kifayət qədərdir.
Azərbaycan ailəsində atanın və ananın qarşılıqlı hörmətə əsaslanan münasibətləri , onların bir –biri ilə ailədəki digər üzvlər ilə və uşaqlarla səmimi , mehriban və qayğıkeş rəftarları ailədə sağlam mənəvi mühit yaradırdı. Bunun isə bir tərəfdən müsbət nümunə kimi uşaqların bir – birinə münasibətlərinin tənzim olnması, digər tərəfdən uşaqlarda valideynlərinə oxşamaq cəhdlərinin formalaşması əxlaq tərbiyəsinin vacib şərtlərindən biri olmuşdur. Bu barədə Kitabi Dədə Qorqudda maraqlı bir epizod var : ``..... bəzirganlar gəldilər. Baş endirib salam verdilər. Gördülər ki, ol yigit kim , baş kəsibdir, qan tökübdür, Baybura bəyi n sağında oturar. Bazirganlar yürüdülər , yigidin əlini öpdülər. Bunlar böylə edicək bəyin acığı tutdu. Bazirganlara aydır : - mərə qavat oğlu qavatlar, ata durarkən oğul əlini öpərlər? –dedi ``
(6.45). Ata dura-dura onun yanında oğlunun əlini öpmək Baybura bəyi qəzəbləndirmişdi. Çünki tacirlərin hərəkəti atanın oğluna verdiyi tərbiyəyə zidd idi və cəmiyyət tərəfindən qəbul edilmiş əxlaq normalarını pozurdu. Bu yüksək əxlaqi normalara görə oğul atasını yalnız ailənin böyüyü kimi deyil , müqəddəs bir varlıq kimi sevməli və ona hörmət etməli idi.(8.6)
Informatorlaın verdiyi məlumata görə keçmişdə ailə başçısı içəri girəndə hamı ayağı qalxıb onu salamlayırdı. Onun buyruq və arzularını sözsüz yerinə yetirirdilər. Ata evdə olanda evin qız, gəlini hündürdən danışmaz, hamı öz hərəkətlərinə fikir verərdi. Evin kişisi həyətə girərkən boğazını artlayar, və ya öskürərdi ki, evdəkilər onun gəldiyini bilsinlər. Adətən uşağlara əxlaq tərbiyəsini aşılamaq üçün ata onların yaxşı hərəkətlərini tərifləyər, pis hərəkətlərinə görə isə bir kəlmə - ``heyif mənim zəhmətimə `` desə də , uşaqlar bundan öz paylarını götürərdilər. Əvvəlcədən bünövrəsi olan və ailədaxili münasibıtləri, tərbiyəsi düzgün istiqamətləndirilən ailələrdə bu bir kəlmə söz və lazımsız hərəkətlərin məzəmmət edilməsi uşaqlar üçün ən böyük dərs olur. Ümumiyyətlə tədqiq edilən dövrdə Azərbaycan ailələrində böyüyə hörmət ön planda dururdu. Ona görə də ailədaxili münasibətlərdə ata ilə övladları arasında ana körpü rolunu oynayırdı. Uşaqlar onlara nə lazım olsa analarına deyər , cavabını isə ondan örgənərdilər. Ağıllı ata heç vaxt övladına qarşı kobudluq etmir, və başqalarını övladlarına misal gətirməklə onların düzgün yaxud səhv hərəkət etdiklərini başa salırdı. Təbii ki , bəzi ailələrdə uşaqlaın əxlaqi cəhətdən tərbiyəli böyüməsi üçün fiziki cəzanın da vacib olduğunu hesab edirdilər. Bu barədə folklor nümunələri də vardır. ``Qızını döyməyən dizini döyər `` atalar sözü dediyimiz fikirə bariz nümunədir. Bununla belə informatorlaın verdiyi məlumatlara görə XIX əsrin sonu XX əsrin birinci yarısında Azərbaycan ailələrində fizik cəza daha çox kiçik yaşlı uşaqlar , xüsusən də oğlanlara tətbiq olunurdu.
Azərbaycan ailəsində valideyn övlad münasibətləri qarşılıqlı əsaslar üzərində qurulmuşdur. Valieynlər uşaqlarını ərsəyə çatdırmaq üçün bütün imkan və vasitələrdən istifadə edirdilər. Uşaqlarını əxlaqlı , tərbiyəli böyütmək onları ev – eşik sahibi etmək hər bir ən böyük arzusu idi. Valideyinlər qız övladları üçün körpə çağlarndan cehiz yiğmağa başlayır, oğlan övladlarını evləndirmək üçün hər cür məhrumiyyətələrə dözürlər. Azərbaycan oğul və qızları ailədə elə davranmışlar ki, valideynlərin heç biri onlardan inciməmişlər. Bu sahədə əxlaq tərbiyəsində islam konsepsiyasının çox böyük rolu vardır. Gənc nəslin nümayəndələri evlərdə yaşlılardan , məsciddə və müxtəlif mərasimlərdə din xadimlərindən və ağsaqqallardan eşitdikləri böyük nəsihətlə islam əxlaqına uyğun bir tərzdə edilirdilər. Məhəmməd peyğəmbər (s.ə.s.) valideynlərə hörmət etməyə , övladların onlarla kobud rəftar etməkdən çəkindirməyə çağıraraq demişdir : `` Əgər behişti istəyirsənsə ata anana yaxşılıq elə, əgər cəhənnəm odundan qorxursansa , onu istəmirsənsə valideynlərinə əziyyət
verməkən çəkin``
Azərbaycan ailəsində ataya hörmət hissinin aşılanması uşaqların tərbiyəsində birinci dərərcəli əhəmiyyət kəsb etmişdir. Ailədə atanın avtoritet olması yüksək dərəcədə idi. Uşaqlar mütləq ona qulaq asırdılar, ciddi mübahisələr zamanı ona yüksək bir instansiya kimi müraciət edirdilər, onu boş şeylərlə narahat etməməyə çalışırdılar. Qeyd etdiyimiz kimi atalar uşaqları fiziki cəhətdən nadir hallarda cəzalandırırdılar (bunu ən çox ana edirdi ) , ancaq ataya şikayət ediləcəyi barədə hədə , uşağa təsir edirdi.
Uşaqları tərbiyə etməyin müxtəlif metodları vardı. Xalq pedaqogikasinda bunlardan ən əsas olanı böyüklərin şəxsi nümunəsidir. Böyüklərin hərəkərləri və qarşılıqlı münasibətləri uşağın xarakterinin və davranışlarının formalaşmasında bir model rolunu oynayırdı. Kiçik uşaqlar üçün bu çevrə əsasən yaxın qohumlardan – ata , ana , baba, nənə , qardaşlar və bacılardan ibarət olunurdu. Uşaq nə qədər böyüyürdüsə onun həyatında böyüklərin nümunəsi daha böyük rol oynayır və ona təsir göstərən çevrə daha da genişlənirdi. Bununla da uşağın əxlaq – tərbiyəsi ailə çevrəsindən çıxaraq ictimailəşirdi. Bu zaman Azərbaycan xalqının etnik adətləri ictimai mühitdə əxlaq tərbiyəsinin həyata keçirilməsində böyük rol oynayırdı. Ə. Bayramov tərbiyə işində ictimai mühiti əsas götürərək yazır ki, insanların mənəviyyatı , əxlaqi normaları və baxışları ilə bağlı olan mütərəqqi adət ənənələrin yaradııcısı xalqdır. (2.95).Əxlaq tərbiyəsində inandırma metodu böyük rol oynayırdı. Informatorların əksəriyyəti qeyd edir ki, tərbiyə üsulunda uşaqla inandırıcı söhbət aparmaq, ona çığırmaq və döyməkdən daha yaxşı nəticə verirdi. Azərbaycan xalq pedaqogikasında uşaqlara fiziki cəza verilməsinə yol verilsə də belə hesab edilirdi ki, buna yol verməmək daha məqsədəuyğundur. Uşaqları ailənin istənilən böyük üzvü cəzalandıra bilərdi, lakin bunu ən cox ana , hərdən böyük qardaş , nadir hallarda isə baba və nənə edirdi. Tərbiyədə tərifləmək və mükafatlandırmaq metodundan da istifadə olunurdu.
Əxlaq tərbiyəsində anaya hörmət də mühüm yer tuturdu. Ana evin xanımı sayılırdı. Ailəyə dair bütün məsələlində əri onunla məsləhətləşərdi. Ana haqqı Dədə Qorqud dastanında `` Tanrı haqqı`` adlanır.(6.36-131). Qizların əxlaq tərbiyəsində ananın rolu xüsusilə əvəzolunmazdır. Tədqiq edilən dövrdə Azərbaycan ailələrində qızlarda ciddiyyət , ədəb -ərkan qaydalaına riayət etmək, təsərrüfat işləxrini bacarmaq, əməksevərlik, abır – həyanı gözləmək kimi əxlaqi keyfiyyətlər tərbiyə edilirdi. Ümumiyyətlə ailədə uşaqların əxlaq tərbiyəsi onların bələnməsindən, əmizdirilməsindən , yedizdirilməsindən, onlarla oynamaqdan və söhbət etməkdən başlanırdı. Kiçik yaşlardan uşaqlara öyədrirdilər ki , süfrə başında söhbət etmək olmaz , böyük danışanda kiçik qulaq asmalıdır , özündən böyük ilə , xüsusilə ağsaqqal ilə söhbət edəndə ucadan danışmaq, əlini cibinə salmaq, əl – qol hərəkəti etmək ədəbsizlikdir. Ailədə uşaqlara təlqin edilirdi ki , yalnız halal şey yesinlər, haram şeyə əl vurmasınlar, oğurluq heyvanın ətindən yeməsinlər, qismətdən artığa göz dikməsinlər, insaflı olsunlar, mərdimazar olmasınlar, ətrafdakılara qarşı diqqətli olsunlar, onların qayğısına qalsınlar , ehtiyacı olanlara əl tutsunlar, imkan dairəsində onlara köməklik göstərsinlər.
Əxlaq tərbiyəsində ictimai fikrin böyük rolu olmuşdur. Kiçik yaşlardan uşaqları ictimai fikrə qulaq asmağa öyrədirdilər. Onlara hər hansı bir hərəkətlərini ictimai fikirə uyğunlaşdırmaq təlqin olunurdu. ‘’ Camaat nə deyər ? ‘’ ifadəsi əxlaq tərbiyəsində geniş yayılmışdır. Hər bir ailə öz uşağını cəmiyyətin tədqirinə layiq tərbiyə etməyə çalışırdı. Kiçik yaşlardan uşaqlara elementar əxlaq normaları öyrədilirdi. Bunlardan ən mühümi bütün Qafqaz xalqlarının ən əsas mənəvi tələblərindən biri olan böyüklərə qulaq asmaq və hörmət etməkdir.
Azərbaycan ailə məişətinin ayrılmaz hissəsi olan qonaqpərvərlik adəti etket və davranış qaydalarını bilməyi tələb edirlər. Ona görə də uşaqlara kiçik yaşlardan qonaqlara qulluq etmək , hörmət göstərmək öyrədilir , qonaqpərvərlik adətinin mühüm qaydaları onlara mənimsədilirdi.
Məişət mövzularında söhbətlər də əxlaq tərbiyəsi metodlarından biri olmuşdur. Bu zaman böyüklər adamların bu və ya digər hərəkətləri tərifləmək və ya pisləməklə uşaqlara təsir göstərir, onlara öz yaşıdlarını misal çəkirdilər. `` Yaxşı övlad nəslin baş ucalığıdır`` , `` Bir dana bir naxırı korlayar `` kimi atalar sözləri məhz bu metoda aid oluna bilər. Uşaqların yanında pıçıldaşmaq , intim münasibətlər haqqında danışmaq yolverilməz hesab olunurdu.
Adətən beş yaşından başlıyaraq uşaqlara cəmiyyətdə böyük əhəmiyyət kəsb edən ədəb - ərkan qaydaları öyrədilirdi. Yeddi yaşdan etibarən artıq uşaqlardann əsas davranış nomalarını bilmək tələb olunurdu : onlar böyük gələndə ayağa durmalı , yer verməli , yol verməli , qonaq əyləşən stola yaxınlaşmamalı və əyləşməməli böyüklərin yanında uzanmamalı , yayxanaraq oturmamalı, mübahisə etməməli və s. normalara əməl etməli idilər. Ona görə də beş yaşından, bəzən daha tez uşaqlara davamlı surətdə deyilirdi ki, o özünü bu və ya digər situasiyada necə aparmalıdır.
Oğlanların əxlaq tərbiyəsində ailənin yaşlı kişi üzvləri və hər kəsdən əvvəl ata cavabdeh idi. Oğlan uşaqlarında müstəqillik, cəsurluq, ailənin şərəfini müdafiə etməyə hazır olmaq, həmçinin söz eşitmək, böyüklərə qulaq asmaq tərbiyə edilirdi. Altı, səkkiz yaşa qədər uşaqlar nisbi azadlıqdan istifadə edirdilər, onlardan ədəb ərkan normalarının ciddi surətdə yerinə yetirmək tələb olunmurdu.Təqribən 7-8 yaşdan sonra uşaqlardan əxlaq normalarına daha ciddi əməl etmək tələb olunurdu.
Ümumiyyətlə Azərbaycan xalqının milli mentalitetinə uyğun olaraq əxlaqlı övlad böyütmək hər zaman cəmiyyətin qarşısında duran ciddi məsələlərdən olmuşdur.
Ədəbiyyat siyahısı:
Azərbaycan dilində.
1.Bakıxanov A.Nəsihətlər.B.,Yazıçı,1982.
2.Bayramov Ə.Etnik psixologiya məsəllələri B.,1996.
3.Düma A.Qafqaz səfəri.B.,Gənclik,1985
4.Həşimov Ə.Ş.Azərbaycan pedoqogikasının bəzi məsələləri.B.,1970
5.Quliyeva N.Azərbaycanda müasır kənd ailəsi və ailə məişəti B.,2005.
6.Kitabi Dədə Qorqud.B.,Azərbaycan Dövlət Nəşriyyatı,1962.
7.Mirzəcanzadə A. X. İxtisasa giriş. B.,ADU 1990.
8.Rəcəbli Q. Qədim və orta əsrlərdə Azərbaycan ailəsində uşaqların tərbiyyəsi haqqında.BSU Elmi əsərlər,İctimai-siyasi elmlər seriyası No1.
9.Tusi N.Əxlaqi-Nasiri.B.,Elm1989
10.Xəlilli X.Azərbaycan türkklərinin etnogenizi və milli inkişaf tarixi.B.,2007
Rus dilində.
11.Геюшов Э.Этническая мысл в Азербайджане. Б.,1968.
12.Кон И.С. Ребенок и общество.М.,1968
13.Косвен М.О. Очерки истории первобытной культуры.М.1957.

A.R. Muxtarova.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Müasir dövr etnoqrafiyası şöbəsi Ailədə uşaqlaın əxlaq tərbiyyəsinin tarixi kökləri dle 10.1

Oxşar Xəbərlər

Şərhlər

Имя:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *